"Ürək yenə ümidi itirmədi, əzizim" - AYGÜN SADİQ

Məsafə səbəbini utandırmaq istədik,
Uzaqlar sevgimizə əngəl olmadı bizim,
Zamanı əlimizlə dayandırmaq istədik,
Məsafələr sevgini bitirmədi, əzizim,

Qələmi təslim etdik duyğuların əlinə,
Ürək hər dəfəsində yenə keçirdi önə,
Ağıl heyrət edirdi gözüylə gördüyünə...
Kəlmələrsə hissləri yetirmədi, əzizim!...

Həkim çağırmışdılar SƏN adlı mərəzimə,
Mənə dərman verdilər, sevgimin əvəzinə,
Cismim məhəl qoymadı təbabətin səsinə,
Ruhum da özgə əlac götürmədi, əzizim.

Adın könül evimdə elə yazılı qaldı,
Ruhum kölgənə dönüb səndə asılı qaldı...
Baxışlarım didərgin, əllər uzalı qaldı,
O yollar səni mənə gətirmədi, əzizim.

Ömrün beşinci fəsli qaranlıqdan ibarət,
Gözümə görünənlər-toranlıqdan ibarət,
Sən gedəli olsam da viranlıqdan ibarət,
Ürək yenə ümidi itirmədi, əzizim.


Tarix: 25-09-2021, 12:57 Oxunub: 727


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031