Polad Ağakişiyev: "Naxçıvana 17-ci səfər"

     Zəngin təbiəti, qədim dövlətçilik ənənələri və tarixi ilə seçilən Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfəri muxtar respublika sakinləri üçün  bəlkə də ilin ən yaddaqalan hadisələrindən biri oldu. Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Ümummilli Lider  Heydər Əliyevin siyasi iradəsi və müəyyən etdiyi inkişaf strategiyası əsasında sistemli tərəqqi yolu keçərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ağır sosial-iqtisadi çətinliklərin yaşandığı həmin dövrdə Naxçıvanın inkişafının əsasını qoyan Ulu Öndər Heydər Əliyev siyasi xətti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi.  Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi də bu siyasətin sistemli xarakter aldığını göstərir. Sənəddə iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastrukturun yaxşılaşdırılması kimi istiqamətlər müəyyənləşdirilib. Sonrakı illərdə Dövlət Proqramına edilən dəyişikliklər isə nəqliyyat, su təsərrüfatı, təhsil və digər sahələr üzrə institusional imkanların daha da genişləndirilməsinə xidmət edib.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  avqustun 11-də Naxçıvan Muxtar Respublikasına 17-ci  səfəri  sıx qrafikdə olmasına baxmayaraq vaxt ayırıb   Azərbaycan Televiziyasına müsahibə  verdi .  Müsahibə zamanı  Dövlət Başçısının səsləndirdiyi fikirlərdən aydın görünür ki, Naxçıvanın qarşısında duran inkişaf perspektivi ayrı-ayrı layihələrin icrasından daha geniş məzmun daşıyır.  Söhbət təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm və idarəetmənin bir-biri ilə əlaqələndirildiyi kompleks inkişaf modelindən  gedir. Prezident müsahibəsində Naxçıvanın yeni nəqliyyat damarlarının formalaşdığı məkan olduğunu vurğulamaqla yanaşı, muxtar respublikanın gələcəkdə enerji ixrac edən bölgəyə çevriləcəyini də diqqətə çatdırıb. 

     Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı. Dövlət Başçısı qeyd etdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma ilə layihənin icrasına  start verilib. Azərbaycan ərazisində Horadiz-Ağbənd avtomobil və dəmir yolu  layihələrinin, Naxçıvan istiqamətində isə dəmir yolunun bərpası üzrə işlərin aparılması Zəngəzur dəhlizinin formalaşması üçün real infrastruktur bazası yaradır. Prezidentin açıqlamaları Naxçıvanın gələcəkdə regional nəqliyyat bağlantılarında daha fəal mövqe tutacağına dair aydın siyasi mesaj oldu. Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev artıq əsas hədəfin enerji imkanlarının genişləndirilməsi olduğunu diqqətə çatdırdı. Dövlət başçısının “artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq” fikri isə görülən işlərin növbəti mərhələsini və düzgün iqtisadi siyasətin real nəticəsini ifadə etdi. Qeyd olunanlarla yanaşı ölkəmizin başçısı Naxçıvana dəmir yolu bağlantısının bərpasında beynəlxalq tərəfdaşlığın mümkünlüyünü vurğulayaraq bildirdi ki, nəzarət paketinin Azərbaycan dövlətində qalması şərtilə beynəlxalq konsorsiumun yaradılması nəzərdən keçirilə bilər. Belə bir əməkdaşlıq modelinin reallaşması bütövlükdə regionun nəqliyyat imkanlarının genişlənməsi və yeni bağlantıların formalaşması baxımından olduqca böyük əhəmiyyət daşıyır. 

     Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri muxtar respublikada görülən işlərin və yeni layihələrin təqdimatı ilə yanaşı qarşıdakı dövr üçün mühüm mesajlarla yadda qaldı. Səsləndirilən fikirlər Naxçıvanın gələcək inkişafına dair prioritetləri, yeni imkanları və qarşıda duran strateji istiqamətləri ortaya qoydu. Bir sözlə, Azərbaycanın bütün bölgələri, o cümlədən Naxçıvan Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı böyük hədəflərə doğru qətiyyətlə addımlayır. 

 

 Polad Ağakişiyev

YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 09:57 Oxunub: 51


Bölməyə aid digər xəbərlər